• ● İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində işə qəbul prosesi hansı qaydada aparılır?

Agentlikdə vakant vəzifələr yaranan zaman bu vəzifələrin tutulması ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəsmi internet səhifəsində və işəgötürmə saytlarında elan yerləşdirilir. Elanda müvafiq vakant vəzifələrin tələblərinə dair məlumatlar öz əksini tapır və həmin vəzifələrin tələblərinə uyğun gələn namizədlər öz şəxsi məlumatlarını əks etdirən vərəqə ilə (CV) Agentliyə müraciət edə bilərlər. Seçilmiş namizədlərlə müsahibələr Agentliyin Müsahibə komissiyası tərəfindən keçirilir. Müsahibələrdə iştirak etmiş və hər bir mərhələdən uğurla keçmiş namizədlər Agentliyin İdarə Heyətinin sədrinin qərarına əsasən, müvafiq vakant vəzifələrə təyin olunurlar.

  • ● Müsahibə neçə mərhələdən ibarətdir?

İşə qəbul zamanı Agentlik tərəfindən keçirilən müsahibələr 2 və ya 3 mərhələdən ibarət olur. İlkin mərhələ “İnsan resursları” şöbəsi, ikinci mərhələ namizədin biliyinin yoxlanması üçün Agentliyin struktur bölmələrindən cəlb olunan mütəxəssislər, yekun mərhələ isə İdarə Heyəti tərəfindən həyata keçirilir.

  • ● Müsahibə zamanı namizədə hansı suallar verilir?

Müsahibə zamanı namizədin peşə biliklərinin və iş təcrübəsinin komissiya üzvləri tərəfindən qiymətləndirilməsi məqsədilə namizədin ixtisasına, müvafiq sahə üzrə normativ aktlara, təcrübəsindən irəli gələn fəaliyyətinə dair suallar ünvanlanır.

  • ● İlkin müsahibədə iştirak etmiş namizədlərə müsahibənin nəticəsi barədə məlumat hansı qaydada verilir?

Müsahibənin nəticəsi barədə məlumat namizədlərin elektron poçt ünvanlarına göndərilir. Vakant vəzifənin tələblərinə uyğun hesab edilmiş namizədlərə müsahibədən uğurla keçdikləri və növbəti müsahibənin keçiriləcəyi haqqında məlumat verilir. Vakant vəzifənin tələblərinə uyğun gəlməyən namizədlərə isə müsahibədən keçmədikləri bildirilir.