1997-ci il yanvar ayının 1-dən etibarən Azərbaycanda poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 1999-cu ildən “Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib. Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başlayıb.
2002-ci ildə poçt rabitəsi xidmətlərinin göstərilməsi proseslərini tənzimləyən ilk milli “Poçt rabitəsi Qaydaları” hazırlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirilib və istifadə üçün poçt rabitəsi müəssisələrinə göndərilib.
07.10.2004-cü il tarixindən “Azərpoçt” DM Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən milli operator kimi, 31.08.2009-cu il tarixindən isə “Azərpoçt” DM –in təşkilatı-hüquqi forması dəyişdirilərək “Azərpoçt” MMC kimi fəaliyyətini davam etdirib.
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda ölkə ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. “Azərpoçt” MMC-nin 63 Poçt Filialı, 7 Rabitə Qovşağı, 3 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 89 Poçt Agentliyi mövcuddur.
Azərbaycanda milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatoru vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.
Ənənəvi poçt xidmətlərinə məktublar (sadə, sifarişli, qiyməti bəyan olunmuş), poçt kartları (sadə, sifarişli), banderollar (sadə, sifarişli, qiyməti bəyan olunmuş), bağlamalar (adi, qiyməti bəyan olunmuş), kiçik paketlər (sadə, sifarişli), respublikadaxili pul köçürmələri, teleqramlar, sekoqramlar, faks xidməti, xüsusi “M” kisələri daxildir.