Ən çox verilən suallar
Sual: Telekommunikasiya sahəsində fəaliyyət göstərən internet operator və provayderlər nə vaxt qeydiyyatdan keçməlidir? Cavab: Operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 (on beş) gün müddətində uçota durmalıdırlar. |
Sual: Uçotun aparılması hansı qanun ilə tənzimlənir? Cavab: İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir. |
Sual: Operator və provayderlərin uçota alınmasının məqsədi nədir? Cavab: Məqsəd internet xidməti sahəsində məlumatların toplanması, ümumiləşdirilməsi, həmçinin tənzimlənən sahədə vəziyyətin öyrənilməsi və istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsidir. |
Sual: İnternet telekommmunikasiya xidməti göstərən operator kimdir? Cavab: İnternet telekommunikasiya xidməti göstərən operator (“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.8-ci maddəsi) - mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. |
Sual: Host provayder kimdir? Cavab: Host provayder – hostinq xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. |
Sual: Məlumatlarda dəyişiklik baş verdikdə “Elektron hökumət” portalında onlar yenilənməlidirmi? Cavab: Uçota alınması üçün təqdim edilmiş məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, uçota alınmış operatorlar və provayderlər və ya onların səlahiyyətli nümayəndələri dəyişiklik baş verdiyi gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə təsdiqedici sənədləri müraciətlərinə əlavə etməklə məlumat verirlər. |
Sual: Fəaliyyət dayandırıldıqda bu barədə məlumat verilməlidirmi? Cavab: Uçota alınmış operator və provayder fəaliyyətini dayandırdıqda o və ya səlahiyyətli nümayəndəsi fəaliyyətini dayandırdığı gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə məlumat verməlidir. |
Sual: Uçot hansı hallarda ləğv oluna bilər? Cavab: Uçota alınmış operator və ya provayder tərəfindən xidmət göstərilməsinin dayandırıldığı barədə müvafiq ərizə təqdim edildikdə, uçota alınma üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə, vergi ödəyicisi olan fiziki şəxs vergi uçotundan çıxarıldıqda, məhkəmənin müvafiq qərarı olduqda və hüquqi şəxs ləğv edildikdə uçot ləğv olunur. |
Sual: Operatorların və provayderlərin uçota alınması üçün rüsum varmı? Cavab: Operatorların və provayderlərin uçota alınması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir. |
Sual: Hüquqi şəxslərin uçota alınması üçün ərizədə hansı məlumatlar qeyd olunmalıdır? Cavab: Hüquqi şəxsin vəzifəsi, soyadı və adı, hüquqi ünvanı, fəaliyyət ünvanı, internet informasiya ehtiyatının ünvanı, fəaliyyət növləri (biri və ya bir neçəsi seçilməlidir), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), göstərdiyi internet telekommunikasiya xidmətinin növləri təqdim olunmalıdır, fəaliyyətinin əhatə dairəsi, istifadəsində olan “IPv4” və “IPv6” intervalı, Avtonom Sistem (AS) nömrəsi, xidmət göstərməyə başladığı tarix, telefon nömrəsi, faks nömrəsi, elektron poçt ünvanı təqdim olunmalıdır. |
Sual: Fiziki şəxslərin uçota alınması üçün ərizədə hansı məlumatlar qeyd olunmalıdır? Cavab: Fiziki şəxsin soyadı və adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, seriya və nömrə, nə vaxt və kim tərəfindən verilib, ünvanı, fəaliyyət ünvanı, internet informasiya ehtiyatının ünvanı, fəaliyyət növü (biri və ya bir neçəsi seçilməlidir), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), göstərdiyi internet telekommunikasiya xidmətinin növləri, fəaliyyətinin əhatə dairəsi, istifadəsində olan “IPv4” və “IPv6” intervalı, Avtonom Sistem (AS) nömrəsi, xidmət göstərməyə başladığı tarix, telefon nömrəsi, faks nömrəsi, elektron poçt ünvanı təqdim olunmalıdır. |
Sual: Təqdim olunan sənədlərə (ərizəyə) neçə gün ərzində baxılır? Cavab: Uçota alınması üçün təqdim olunan sənədlərə onların qeydiyyat tarixindən etibarən 7 (yeddi) iş günü müddətində baxılır. |
Sual: Uçota alınmaya dair ərizə göndərildikdən sonra nə baş verir? Cavab: İmtina üçün hallar yaranmadıqda, operator və provayder 7 (yeddi) iş günü müddətində uçota alınır və göstərilən formada bildiriş gücləndirilmiş elektron imza ilə təsdiqlənməklə, “Elektron Hökumət” portalında yerləşdirilir və müraciət edən şəxsin elektron üsulla əldə etməsi imkanı təmin olunmaqla yanaşı, uçota alınma ilə bağlı elektron təsdiqetmə bildirişi göndərilir. Uçota alınmış operator və ya provayder mincom.gov.az saytında reyestrə daxil edilir. |