Telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorlarında dayanıqlı tənzimləmə çərçivəsinin və idarəetmənin olması effektiv tənzimləmə üçün ən böyük zəmin sayılır. Radiospektr idarəçiliyi tənzimləyicilərin yerinə yetirdiyi bir çox funksiyalardan biridir və yeni radioəsaslı texnologiyalar ortaya çıxdıqca, bu sahə yeni çağırışlarla üzləşir.

Radiospektr idarəçiliyi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radio Reqlamentində müəyyən edilmiş bütün radiokommunikasiya xidmətlərinin radiotezlik spektrindən səmərəli istifadəsini və radioelektron vasitələrin(REV)  istismarını zərərli radiomaneə yaratmadan təmin etmək üçün zəruri olan hüquqi, inzibati və texniki prosedurların məcmusudur.

Getdikcə rəqəmsallaşan mühitdə, radiospektrə adekvat giriş telekommunikasiya şəbəkələrinin yerləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və məlumat xidmətlərinə daim artan tələbatın ödənilməsi üçün açardır.

Bu şəbəkələr müxtəlif onlayn proqramları dəstəkləyir, insanların səhiyyə, nəqliyyat, təhsil, kənd təsərrüfatı, məşğulluq, hökumət və maliyyə xidmətləri üçün resurslara çıxış üsulunu dəyişdirərək radiospektr idarəçiliyinin iqtisadiyyatın bir neçə sektoruna təsirini genişləndirir. Məhdud resurs kimi radiospektr müxtəlif istifadəçilər və xidmətlər arasında ədalətli çıxışı və maneəsiz mühiti təmin etmək, həmçinin yeni texnologiyaların tətbiqi üçün tənzimləyicilərdən düzgün idarəetmə tələb edir. Müvafiq olaraq, müəyyənliyi təmin edən və istehlakçıları qoruyan tənzimləmə tələbləri ilə yeni simsiz texnologiyaların inkişafı üçün çevikliyin təmin edilməsi zərurəti arasında düzgün tarazlığın yaradılmasına ehtiyac var.

Tənzimləyici qurum olaraq, İKTA-nın fəaliyyət istiqamətlərindən biri də Azərbaycanda radiospektr idarəçiliyinin tənzimlənməsi və hər kəsin maraqlarına uyğun istifadə olunmasını təmin etməkdir.

“Telekommunikasiya haqqında” Qanunun 3-cü maddəsində qeyd olunur ki, telekommunikasiya fəaliyyəti radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi prinsipləri əsasında həyata keçirilir.

Azərbaycanda radiospektr idarəçiliyi sahəsindəvahid siyasəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Radiotezliklər üzrə Dövlət Komissiyası müəyyən edir. Tənzimləyici qurum olaraq İKTA  radiospektr idarəçiliyini həyata keçirir, o cümlədən radiotezliklərdən səmərəli istifadənin təşkili, eləcə də Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsi və mühafizəsinin həyata keçirilməsilə bağlı tədbrilər görür.

Radiotezliklər üzrə Dövlət Komissiyası

Radiotezliklər üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 15 avqust 1996-cı il tarixli 484 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş Nazirinin müavininin sədrliyi ilə yaradılıb və 2018-ci ilin yanvar ayınadək fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 04 may 2021-ci il tarixli 2622 nömrəli Sərəncamına əsasən, Radiotezliklər üzrə Dövlət Komissiyası (Dövlət Komissiyası) yeni tərkibdə fəaliyyətə başlayıb.

Audiovizual Şura

"Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununda audiovizual media sahəsini tənzimləyən orqan kimi Azərbaycan Respublikası Audiovizual Şurası müəyyən edilib. Şura Azərbaycan Respublikasında yerüstü yayımın ehtiyacları üçün nəzərdə tutulmuş radiotezliklərin planlaşdırılması işlərində iştirak edir və həmin radiotezlikləri istifadəçilərə ayrılmasını həyata keçirir.

Dövlət Radiotezliklər İdarəsi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Radiotezliklər İdarəsi Azərbaycan Respublikası ərazisində, o cümlədən sərhədyanı ərazilərdə təmiz radio efirin təmin olunması məqsədilə mütəmadi radiomonitorinqlər aparır, zərərli radiomaneələri aşkar edir və aradan qaldırıması üçün zəruri tədbrilər görür. Qurumun fəaliyyətinə həmçinin ayrılmış radiotezliklərin və REV-in qeydiyyatının aparılması, onların verilmiş icazələr əsasında istifadəsinə dövri olaraq nəzarət edilməsi, REV-in, eləcə də yüksəktezlikli qurğuların elektomaqnit uzlaşmasının təmini, radiotezlik spektrinin mühavizəsi və s. işlər üzrə təşkilati və texniki tədbirlərin həyata keçirilməsi daxildir.

“Azərkosmos” ASC

Azərbaycan Respublikasının Kosmik Agentliyi kosmik fəaliyyət sahəsində tənzimləməni və nəzarəti həyata keçirir, orbital mövqelərin və əlaqədar radiotezliklərin koordinasiyasında iştirak edir.  

Mobil məlumatlara gələcək tələbatın ödənilməsi

Mobil internetə çıxış insanlar və bizneslər üçün vacib xidmətə çevrilib.

Mobil məlumatlara gələcək tələbatın ödənilməsi şəbəkə infrastrukturu, radiospektrin bölüşdürülməsi, texnoloji yeniliklər və strateji planlaşdırmada irəliləyişləri əhatə edən çoxşaxəli yanaşmaya ehtiyac yaranır. Bunun üçün mobil şəbəkə operatorları, hökumətlər, tənzimləyici qurumlar, texnologiya təminatçıları və digər maraqlı tərəflər arasında hərtərəfli və birgə əməkdaşlıq tələb olunur. İnfrastruktur, radiospektr resursları və texnoloji irəliləyişlərə davamlı sərmayə qoyuluşu mobil şəbəkələrin verilənlərə əsaslanan xidmətlər və tətbiqlərə artan tələbatı dəstəkləməsi üçün çox vacibdir.

Azərbaycanın vahid 5G Strategiyası

Müasir və yeni yaranan texnologiyaların yayılması rəqəmsal cəmiyyətin davamlı inkişafını təmin etmək məsələsini, eləcə də Azərbaycanda mövcud radiotezliklərin bölgüsündə və səmərəli istifadəsində islahatları aktual edir. Ölkədə 5G infrastrukturunun qurulması və planlı şəkildə geniş tətbiqi üçün yol xəritəsinin - strategiyanın hazırlanması vacibdir.

Bu məqsədlə İKTA-nın rəhbərliyi ilə 2023-cü ilin iyun ayında vahid 5G Strategiyasının hazırlanması üzrə İşçı Qrupu yaradılıb. İşçi Qrupunda ölkədə 5G şəbəkəsinin tətbiqində maraqlı olan bazar iştirakçıları, o cümlədən ölkədə fəaliyyət göstərən mobil operatorların, telekommunikasiya sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri təmsil olunur.

Strategiya ölkədə 5G infrastrukturunun tətbiqi üçün vahid strateji yanaşmanı formalaşdıracaq ki, bu da İKTA-nın 2023-cü ildə qarşısında duran növbəti prioritet məsələdir.